Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları arasında yer alan Xəzəryanı ölkələrlə qeyri-resurs mənşəli xarici ticarət əlaqələrinin dinamikası son illər artmaqdadır.
“Ölkəmizin regionda əsas nəqliyyat qovşağına çevrilməsi, qərb bazarlarına çıxış üçün alternativ və unikal dəhliz funksiyalarını yerinə yetirməsi Xəzər İqtisadi Forumunda Azərbaycanın mövqeyini göcləndirir. Digər tərəfdən, bir sıra regionlarda geosiyasi və iqtisadi şəraitin dəyişməsi fonunda Azərbaycan Xəzəryanı ölkələr arasında investisiya mühitinə və yeni istehsal müəssisələrinin yaradılması imkanlarına görə digər respublikalardan fərqlənir”, - deyə şöbə müdiri əlavə edib.

İİTKM-in şöbə müdiri diqqətə çatdırıb ki, 2024-cü ilin doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatına Xəzəryanı ölkələr tərəfindən 400 milyon dollara yaxın birbaşa xarici investisiya qoyuluşu həyata keçirilib: “Bu göstərici ümumi xarici sərmayə axınının təxminən 10 faizə yaxın hissəsinə bərabərdir. Şübhəsiz, son 10 ildə Xəzəryanı ölkələrin müəyyən hissəsinin iqtisadi dalğalanmalara məruz qalması inflyasiya və investisiya göstəricilərinə təsir göstərib. Bu baxımdan, Xəzər İqtisadi Forumu qarşılıqlı investisiya mübadiləsinin artırılması baxımından əhəmiyyətli platforma hesab edilə bilər”.
Forumda çıxış edən Baş nazir Əli Əsədov Xəzərin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb. O, Xəzəryanı ölkələr arasında xarici ticarət əlaqələrinin perspektivinə də toxunub. Belə ki, 2024-cü ildə Azərbaycanla Xəzəryanı ölkələr arasında xarici ticarət dövriyyəsi 2023-cü ilə nəzərən 6,2 faiz artaraq 6,3 milyard dollar təşkil edib. Bu göstərici ümumi ticarət dövriyyəsinin 13,2 faizini təşkil edir. Bundan əlavə, Azərbaycanın Xəzəryanı ölkələrə ixrac dövriyyəsi 1 faiz artaraq 1,4 milyard dollar təşkil edib.
Nicat Hacızadə əlavə edib ki, Xəzər İqtisadi Forumunda “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizlərində Azərbaycanın rolu xüsusi vurğulanıb. Bildirilib ki, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır. Bu dəhlizlər Azərbaycanın regional logistika qovşağı kimi əhəmiyyətini də artıraraq, ölkəmizin təkrar ixrac rolunu da artıra bilər.
AzVision.az